26.09.2025
26.09.2025 – ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Quba Tarix Diyarşünaslıq Muzeyində 27 Sentyabr Anım Gününə həsr olunmuş “Unutmadıq Unutdurmarıq ” adlı tədbir keçirilib.
Tədbirdə Quba və digər bölgələrdən olan şəhid valideynləri, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Asəf Şirinov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları içtimai Birliyinin Şimal Regional sədri Ramin Yunusov, Birinci Qarabağ müharibəsi veteranı Kərim Dünyamalı, İkinci Vətən müharibəsi qazisi Taryel Ağasıyev, şair – publisist qubalı ziyalı Şükür Baxışov, Yazıçılar Birliyinin üzvü gənc şairə Firəngiz Əhmədova, H.Əliyev adına 1sayli tam orta məktəbin müəllim və şagirdləri, H. Hüseynov adına 4 nömrəli məktəb-liseyin müəllim və şagirdləri, Quba Tarix Diyarşünaslıq Muzeyinin və filiallarının əməkdaşları iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi daim uca tutulur. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Qeyd olunub ki, xalqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir, qazilərimizin igidliklərini gələcək nəsillərə örnək kimi çatdırır. Çıxışlarda vurğulanıb ki, Anım Günü xalqımızın birliyini, həmrəyliyini və Vətənə bağlılığını nümayiş etdirən mühüm tarixdir. Bugün həmdə gələcək nəsillərə Vətən sevgisi, dövlətçilik ideyaları və milli dəyərlərə sədaqət ruhunun aşılaması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonda 27 Sentyabr Anım Gününə həsr olunmuş video-çarx nümayiş olunub və sərgiyə baxış keçirilib.