16.09.2025
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə 16.09.2025-ci il tarixində 27 Sentyabr Anım gününə həsr olunmuş "Zəfərə gedən yol" adlı tədbir keçirilib.
Dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi çıxışı nümayişi ilə başlanıb.
Daha sonra tədbir böyük Zəfərə gedən çətin və şərəfli yol, Ali baş komandanın rəhbərliyi ilə müzəffər ordumuzun şanlı qələbəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı çıxışlarla davam edib.
Xaçmaz rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və müharibə veteranları ilə iş şöbəsinin" müdiri, ehtiyatda olan hərbi qulluqçu, mayor, müharibə veteranı Tariyel Didarov və digər çıxışçılar öz çıxışlarında qeyd ediblər ki, müstəqillik yolunda ilk addımlarını atan Azərbaycan Rusiya imperiyasının dəstək verdiyi mənfur qonşusunun istilasına məruz qaldı. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə ölkə məhv olmaq təhlükəsindən qurtardı. Məhz Heydər Əliyevin , sonrakı illərdə isə onun layiqli davamçısı İlham Əliyevin sayəsində ölkə böyük quruculuq dövrünə qədəm qoydu. Artıq dünya arenasında həm siyasi, həm də iqtisadi müstəvidə öz layiqli yerini tutan Azərbaycan eyni zamanda qüdrətli orduya malik idi. Və o an yetişdi, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz tarixi torpaqlarına qovuşdu.
Antiterror əməliyyatlarının 2-ci ildönümü ərəfəsində keçirilən tədbirdə bu döyüşlərin də böyük Zəfərin məntiqi ardıcıllığı olduğu, bununlada ölkəmizin ərazi bütövlüyünün tamamlanması xüsusilə vurğulanıb.
Vətən uğrunda həlak olmuş Şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib. Xaçmaz rayonunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatları zamanı həlak olmuş şəhidlərinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Tədbirdə şəhid ailələri, müharibə veteranları, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.